Namaz haqqında.
1. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”
2. İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Hər kəs on xislətlə Rəbbinə qovuşarsa cənnətə daxil olar: Allahdan başqa heç bir mə`bud olmadığına və həzrəti Məhəmmədin Onun Rəsulu olduğuna şəhadət vermək, o Həzrətin Allah tərəfindən gətirdiklərini iqrar (təsdiq) etmək, namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allah evinin ziyarətinə — həccə getmək, Allah vəlilərinin vilayətini iqrar etmək, Allah düşmənlərindən uzaq olmaq və bütün məstedici şeylərdən çəkinmək.
3. İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Namaz hər bir pərhizkar şəxsin ilahi rəhmətə yaxınlaşması vasitəsi, həcc isə hər zəif və bacarıqsız insanın cihadıdır. (Çünki həccdə əhli-əyaldan uzaqlaşmaq, soyuqluq, istilik, qorxu və sair kimi çətinliklər vardır.) Hər şeyin bir zəkatı vardır, bədənin də zəkatı oruc tutmaqdır. Qadının cihadı isə öz əri ilə yaxşı rəftar edib ona itaət etməsidir.
4. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Bir mələk hər namaz vaxtı nida edib deyir: Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsi ilə) söndürün.
5. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda Cəhənnəmə atılar.
6. İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər kəs gecə çox yatsa (yə`ni gecə namazı qılmasa), elə əməlləri itirmiş olur ki, onları gündüz əldə edə bilməz.
7. İmam Sadiq əleyhissalam buyurur: Allah-taala Musa ibni İmrana buyurdu: Ey İmranın oğlu, Məni sevdiyini güman edən, gecə qaranlıqlaşanda isə gözlərini bağlayanlar (yatanlar) yalan deyirlər, (məgər dost öz dostu ilə söhbətdən ləzzət almazmı?!
8. İmam Sadiq əleyhissalam buyurur: Üç şey mö`minin fəxri, dünyada və axirətdə zinətidir: Gecənin axırında namaz qılmaq, xalqın malına göz dikməmək, Məhəmməd (s.ə.v.v.) övladlarından olan İmamın vilayətini qəbul etmək.
9. İmam Sadiq əleyhissalam buyurur: Gecə namazını əldən vermə! Həqiqətən ziyankar o şəxsdir ki, gecə namazından məhrum olsun.
10. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Mö`minin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır.
Peyğəmbərdən(s) hədislər:
1. Göz zinası, əslində, başqasının arvadına həvəs və şəhvətlə baxmaqdır. Dil zinası isə natəmiz sözlər deməkdir.
2. Qocalara yaşlarına görə hörmət edən gənclərə Allah ömürlərini artırmaqla əcr verər.
3. Qeybət etməkden çəkinin. O, zinadan da pisdir. Çünki zina edən tövbə etdikdə Allah tövbəni qəbul edir, lakin qeybət edənin günahı bağışlanmır. Ancaq qeybəti olunan adam onu bağışlaya bilər.
4. Öz qəzəbini Allahın xatirinə udan şəxs ömründə ən yaxşı iş görmüşdür.
5. Bir şəxs dedi: “Ey Allahın Peyğəmbəri, əgər qalmaq üçün bir adamın evinə getsəm və o məni qəbul etməsə, sonra həmin adam mənim evimə gələrsə nə edim?”
Həzrəti Məhəmməd(s) buyurdu: ”Onu lap yaxşı qəbul et.”
6. Valideynlərini əsəbiləşdirmək, adam öldürmək, intihar etmək və yaxud yalandan and içmək ən ağır cinayətdir.
7. Bilin ki, sizdən mənə ən əzizi o kəslərdir ki, xoş üzlə qəmginliyi şadlığa çevirir.
8. Qonşusunun aclığından xəbərdar olan, lakin təkcə öz qarnını doyduran şəxs həqiqi müsəlman deyil.
9. Etiqadınız qoy bu olsun ki, sizə yaxşılıq edildiyi vaxt siz də yaxşılıq edin, amma sizə zülm olunarsa sizə zülm edənə zülmlə cavab verməyin.
10. Zərbə vurandan əvəz almaq iqtidarına olan şəxs onu bağışladıqda Allaha yaxın olur.
1. İmam Baqir əleyhissalam buyurur: Allaha and olsun, Allah-taala camaatdan iki xislətdən başqa heç nə istəməmişdir: Onun ne`mətlərinə şükr etsinlər, nəticədə Allah o ne`mətləri artırsın və günahlarını e`tiraf etsinlər, nəticədə Allah onları bağışlasın.
2. İmam Sadiq əleyhissalam buyurur: Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar.
3. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı kimi)”.
4. İmam Əli əleyhissalam buyurur: “Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi.”
5. İmam Baqir əleyhissalam buyurur: “Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”
6. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Haram yeməklə birlikdə olunan ibadət, (narın) qumlar üstündə tikilən binaya oxşayır.
7. İmam Baqir əleyhissalam buyurur: Elm öyrənməkdə çalışın, çünki elm öyrənmək gözəl əməl, onu axtarmaq isə ibadətdir.
8. İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Elm öyrənmək üçün sə`y edənlər Allah yolunda cihad edən şəxs kimidir
9. İsa Peyğəmbər buyurub: O kəslə oturub-durun ki, onu görmək sizə Allahı xatırlatsın, danışığı sizin elminizi artırsın, əməlləri sizi axirətə rəğbətləndirsin.
10. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Həqiqətən Cəhənnəm əhlinin nalələrinin əksəriyyəti tövbəni tə`xirə saldıqları üçündür.
11. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ya Əli, xoş o kəsin halına ki, Allah-taala ona nəzər sala və o da Allahdan başqa heç kəsin xəbərdar olmadığı günahları üçün ağlaya.
12. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Başqalarını yaxşı işlər görməyə sövq edib yol göstərən şəxs o yaxşı iş görən qədər savab alar.
13. İmam Hüseyn (ə) buyurur: Salam üçün yetmiş savab vardır, altmış doqquzu salam verənin, biri isə salam alanındır.
14. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Me`rac gecəsində Allah-taaladan xitab gəldi: Ey Məhəmməd, Mənim məhəbbətim kasıbları və fəqirləri sevməkdir. Belə isə fəqirləri özünüzə yaxınlaşdırın, onlara öz yanınızda yer verin ki, Mən də sizə yaxın olum.
15. İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Həqiqətən Allah-taala fəqir və kasıbların ehtiyaclarını, xərclərini varlıların sərvətində qoymuşdur. Deməli, bir fəqir ac qalarsa, bu hansısa bir sərvətlinin onun haqqını verməkdən imtina etməsi səbəbi ilə olmuşdur.
16. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs ruzisinin bol, ömrünün uzun olmasını istəyirsə, gərək öz qohum-əqrəbası ilə gediş-gəliş etsin (onlara baş çəksin, çatışmamazlıqlarını, çətinliklərini həll etsin).
17. İmam Sadiq əleyhissalam buyurur: Hər kəs valideynlərinə, hətta onlar zülm etmiş olsalar belə, qəzəblə baxsa, Allah-taala onun heç bir namazını qəbul etməz.